1. İSTİFADƏÇİ
RAZILAŞMASI VƏ QAYDALARIN
PREDMETİ
1.1. Bu İstifadəçi Razılaşması və Qaydalarının (bundan
sonra “Razılaşma” adlandırılacaq) şərt və müddəalarına uyğun olaraq, “CASPA
MOBİLİTY” MMC (VÖEN: 2006797431) (bundan
sonra “Şirkət” adlandırılacaq) müxtəlif ölkələrdə yerləşən anbarlarından
www.caspa.az vebsaytında qeydiyyatdan keçən və bu
Razılaşmanı təsdiqləyən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxslərin
(bundan sonra “Müştəri” adlandırılacaq) sifarişləri üzrə məhsulların
çatdırılması xidmətlərini (bundan sonra “Xidmətlər” adlandırılacaq) həyata
keçirir, Müştəri isə çatdırılan məhsullara/Bağlamalara görə
müvafiq daşıma haqqını ödəyir.
2. ƏSAS
ANLAYIŞLAR
2.1. Bu
Razılaşmada və Müştəri ilə Şirkət arasında aparılan bütün yazılı və şifahi
ünsiyyətdə istifadə olunan əsas anlayışlar aşağıda verilən mənalar ilə
anlaşılır və təfsir olunur:
2.1.1. Bağlamalar – Müştərinin müxtəlif internet-mağazalar, alış-veriş vebsaytları
vasitəsilə alış etdiyi və Azərbaycan Respublikasına çatdırılması üçün www.caspa.az vebsaytında “Bəyan Et” bölməsi vasitəsilə bəyan
etdiyi mal və məhsullar;
2.1.2. Şəxsi kabinet – Müştərinin www.caspa.az vebsaytında qeydiyyatdan keçdikdən sonra ona təqdim olunan fərdi hesab;
2.1.3. Fərdi məlumatlar – Müştərinin
www.caspa.az vebsaytında qeydiyyatdan keçdiyi zaman və
keçdikdən sonra daxil etdiyi, Müştərinin və ya hər hansı bir şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə
imkan verən istənilən məlumat (ad, soyad, ünvan, email də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq);
2.1.4. Qadağan edilmiş yüklər – Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, ölkə ərazisinə idxalı və
dövriyyəsi qadağan edilmiş/məhdudlaşdırılmış mal və məhsullar;
2.1.5. Xarici anbar – Şirkətin
istifadəsində, icarəsində və ya sərəncamında olan, müxtəlif ölkələrdə yerləşən,
Bağlamaların qəbul edildiyi anbar(lar)ı;
2.1.6. Yerli anbar – Şirkətin
istifadəsində, icarəsində və ya sərəncamında olan, Azərbaycan Respublikası ərazisində
yerləşən, Bağlamaların qəbul edildiyi və Müştəriyə təhvil verildiyi məntəqə/anbar(lar)ı;
2.1.7. Çatdırılma haqqı – Bağlamaların Xarici anbardan Yerli anbara çatdırılmasına görə Şirkət
tərəfindən birtərəfli qaydada müəyyən olunan və www.caspa.az
vebsaytında yerləşdirilən çatdırılma tariflərinə uyğun olaraq hesablanan
xidmət haqqı;
2.1.8. Kuryer haqqı –
Müştərinin seçiminə uyğun olaraq, Bağlamanın Yerli anbardan Müştərinin ünvanına
qədər çatdırılmasına görə Şirkət tərəfindən birtərəfli qaydada müəyyən olunan
və www.caspa.az vebsaytında
yerləşdirilən kuryer tariflərinə uyğun olaraq hesablanan xidmət haqqı.
2.1.9. Digər xidmətlər – Tərəflər arasında razılaşdırılan, Xidmətlərdən əlavə Bağlamaların Bağlamaların
saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması, Müştərinin
ünvanına çatdırılması və s. xidmətlər də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq
digər növ xidmətlər.
3. WWW.CASPA.AZ
VEBSAYTINDA QEYDİYYAT VƏ ŞƏRTLƏRİN QƏBULU
3.1. Müştərinin www.caspa.az vebsaytında qeydiyyatı ödənişsiz və könüllü əsaslarla aparılır. Müştərinin www.caspa.az
vebsaytında qeydiyyatdan
keçməsi hazırkı Razılaşmanın bütün şərt və müddəalarının qəbul edilməsini bildirir.
3.2. İcraçı
hazırkı Razılaşmaya
birtərəfli qaydada
dəyişikliklər etmək hüququnu özündə saxlayır. bununla əlaqədar olaraq Müştəri mütəmadi
olaraq Razılaşmanın www.caspa.az vebsaytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini
götürür.
4. BAĞLAMALARIN BƏYAN EDİLMƏSİ VƏ GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
4.1. Müştəri
əvvəlcədən Bağlamaların keyfiyyətini, parametrlərini və
xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək və müəyyənləşdirərək internet-mağazalar/alış-veriş
vebsaytları üzərindən sifarişini tamamlayır və daha sonra Azərbaycan
Respublikasına çatdırılması üçün www.caspa.az vebsaytında “Bəyan
Et” bölməsi vasitəsilə bəyan
edir.
4.2. Müştəri Bağlamaların dəyərini müvafiq malın satıcısına əvvəlcədən ödəmək öhdəliyini götürür və buna görə Şirkət heç bir halda məsuliyyət
daşımır.
4.3. Müştəri
internet üzərindən alış zamanı çatdırılma ünvanı (Şirkətinin müvafiq ölkədə anbar ünvanı) və digər şəxsi məlumatları Müştərinin Şəxsi Kabinetində qeyd olunan qaydada, tam və düzgün göstərməlidir.
Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya şəxsi məlumatlar əskik və ya yalnış doldurularsa və nəticə
etibarı ilə bu Bağlamaların Xarici
anbara çatdırılmasında
hər hansı
bir problem
yaradarsa və yaxud çatdırılma ümumiyyətlə mümkün olmazsa, bu halda Şirkət heç bir məsuliyyət daşımır.
4.4. Müştəri
əldə etdiyi mallar/məhsullar
üzrə Bağlamaların Azərbaycan Respublikasının və Bağlamaların sifariş verildiyi
müvafiq ölkənin qüvvədə olan qanunveriliyinin tələblərinə və Şirkətin müstəqil
olaraq müəyyən etdiyi və www.caspa.az vebsaytında yerləşdirdiyi şərtlərə uyğun olmasına görə məsuliyyət daşıyır (Bağlamaların Müştəriyə göndərilməsi üçün zəruri
olan malın qabaritləri və poçt tarasının çəkisi də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq).
Bağlamaların bu maddədə qeyd olunan tələb və şərtlərə uyğun olmaması halında Şirkət Xidmətlərin göstərilməsindən imtina etmək hüququnu özündə saxlayır.
4.5. Şirkət anbarına qəbul etdiyi Bağlamaların keyfiyyətinə, dəstliyinə və ya tamlığına görə məsuliyyət daşımır, eləcə də Müştərinin
internet-mağaza vasitəsi ilə əldə etdiyi Bağlamalara zəmanəti təmin etmir.
4.6. Müştəri
Bağlamaların gömrük
rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun formada, Azərbaycan Respublikasının
qanunvericiliyinin tələblərinə uyğun olaraq məlumatın verilməsinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan
sonra “DGK” adlandırılacaq) tərəfindən tətbiq olunan “Smart Custom” sistemi (bundan sonra “Smart Customs
sistemi” adlandırılacaq) vasitəsilə gömrük bəyannaməsinin düzgün doldurulmasına görə
məsuliyyət daşıyır. Müştəri anlayır və qəbul edir ki, Bağlamalar yalnız Smart Customs
sistemi vasitəsilə DGK-ya bəyan edildikdən və gömrük bəyannaməsi tam və düzgün formada doldurulduqdan sonra Yerli
anbara göndəriləcəkdir.
4.7. Müştəri anlayır və qəbul edir ki, Smart Customs sistemində gömrük bəyannamələrinin tam və düzgün formada bəyan edilməməsinə səbəbindən yaranan hallara
görə Şirkət heç bir məsuliyyət daşımır.
4.8. Smart
Customs sistemində bəyan edilməmiş
Bağlamaların Xarici anbarda saxlanma müddəti 30 (otuz) təqvim günü təşkil edir. Bu müddət ərzində Bağlamalar
Müştəri tərəfindən bəyan edilməzsə, Şirkət tərəfindən hər sonrakı bəyan
edilməyən gün üçün 1 (bir) ABŞ dolları məbləğində anbar saxlama haqqı tətbiq
edilə bilər.
4.9. Xarici
anbara daxil olmuş Bağlamalar 3 (üç) ay ərzində Müştəri tərəfindən Smart
Customs sistemində bəyan edilməzsə, belə Bağlamalar Şirkət
tərəfindən öz müstəsna mülahizəsinə əsasən Müştəriyə email vasitəsilə məlumat
verildikdən sonra heç bir kompensasiya öhdəliyi olmadan müsadirə və ya məhv
edilə bilər.
4.10. Müştəri anlayır və qəbul edir ki,
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəyə gətirilən malların 1 (bir) təqvim ayı üzrə ümumi dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı
bir rüsuma cəlb olunmur. Bununla belə, gətirilən malların DGK tərəfindən kommersiya məqsədi daşıdığı müəyyən edildiyi halda və ya Bağlamaların dəyərinin 300 (üç yüz) ABŞ
dollarından artıq olduğu təqdirdə gömrük qanunvericiliyə
uyğun olaraq və nəzərdə tutulan həcmdə rüsuma cəlb
olunacaq. Bağlamalara
görə bütün növ dövlət rüsumları və vergilər Müştəri tərəfindən ödənilir və qeyd
olunan dövlət rüsumu və vergilərin ödənilməməsinə görə yaranan hallara,
həmçinin Xidmətlərin tam və ya qismən icra olunmamasına görə heç bir halda
Şirkət məsuliyyət daşımır.
4.11. Bu
Razılaşmanın 4.10-cu maddəsinin tələblərinə uyğun olaraq, Müştərinin cari ay üzrə limiti hesablanarkən
həm sifarişlərin məbləği, həm də çatdırılma məbləği nəzərə alınır. Aylıq limit
sifariş tarixinə əsasən deyil, Bağlamanın Smart Customs sistemində qeydiyyata alındığı tarixə əsasən hesablanır.
4.12. Bağlamaların
hər hansı bir səbəbə görə (Bağlamaların 1 (bir) təqvim ayı üzrə dəyərinin 300 (üç yüz) ABŞ dollarını keçməsi, Bağlamaların
kommersiya məqsədi ilə idxal olunmasının müəyyən olunması, dövriyyəsi və idxalı
qadağan edilmiş/məhdudlaşdırılmış məhsulların idxalı da daxil olmaqla, lakin
bununla məhdudlaşmayaraq) DGK tərəfindən saxlanılmasına və qeyd olunan hallara görə Xidmətlərin icrasının
gecikdirilməsinə görə Şirkət heç bir halda məsuliyyət daşımır.
4.13. Müştəri anlayır və qəbul edir ki,
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəyə gətirilən Bağlamaların DGK tərəfindən
saxlanılması halında, saxlanılma
səbəbindən asılı olmayaraq bütün dövlət rüsumları və
vergiləri, o cümlədən Çatdırılma haqqını ödəməli və gömrük rəsmiləşdirilməsi üçün DGK-ya müraciət etməlidir.
4.14. Müştəri
anlayır və qəbul edir ki, Qadağan
edilmiş yüklərin Azərbaycan Respublikası ərazisinə gətirilməsi halında belə yüklər (Bağlamalar) DGK tərəfindən müsadirə edilə və Müştəri inzibati/cinayət məsuliyyətinə cəlb oluna bilər.
5. BAĞLAMALARIN QƏBUL EDİLMƏSİ, SAXLANMASI VƏ TƏHVİL VERİLMƏSİ
5.1. Şirkət öhdəlik götürür ki, Müştərinin Bağlamaları əldə
etdiyi satıcının
poçt xidməti belə
Bağlamaları çatdırdığı zaman məhsulu Xarici anbara
qəbul edəcək (anbarda saxlanılması qadağan olan məhsullar istisna olmaqla), çəkəcək və qablaşdıracaq, sonra isə Şirkətin Azərbaycan Respublikasında yerləşən anbarına nəql edəcəkdir.
5.2. Bağlamalar Xarici anbara çatdırıldıqdan
sonra “Xarici Anbara çatdırılıb” statusu Müştərinin Şəxsi Kabinetində əks
olunacaqdır və bu barədə Müştərinin Şəxsi Kabinetində əks olunan email adresinə
məlumat göndəriləcəkdir.
5.3. Bağlamaların
çatdırılması Şirkətin öz müstəsna mülahizəsinə əsasən quru və ya hava yolu ilə həyata keçirilir. Çatdırılma müddəti anbarın yerləşdiyi ölkəyə
uyğun olaraq dəyişə bilər.
5.4. Bağlamalar Yerli anbara çatdırıldıqdan sonra “Yerli Anbara çatdırılıb” statusu Müştərinin Şəxsi Kabinetində əks
olunacaqdır və bu barədə Müştərinin Şəxsi Kabinetində əks olunan email adresinə
məlumat göndəriləcəkdir. Müştəri belə məlumatı aldıqdan sonra 30 (otuz) təqvim
günü ərzində Bağlamanı Yerli anbardan təhvil almalı və müvafiq Çatdırılma haqqını
ödəməlidir. Bağlamaların qeyd olunan müddət
ərzində təhvil alınmaması halında Şirkət hər təhvil alınmayan günə
görə 1 (bir) manat məbləğində cərimə tətbiq edə bilər.
5.5. Bağlamalar Yerli anbara çatdırıldıqdan sonra 6 (altı) ay ərzində Müştəri
tərəfindən təhvil alınmazsa, bu halda Şirkət öz müstəsna mülahizəsinə əsasən və
heç bir kompensasiya öhdəliyi olmadan Bağlamanı məhv etmək və ya müsadirə etmək
hüququna sahibdir.
5.6. Bağlamaların
Yerli anbarda təhvil verilməsi Müştəri və ya notarial qaydada və ya Şəxsi
Kabinetdə etibarnamə verdiyi digər şəxsin şəxsiyyətini təsdiq edən sənəd
əsasında həyata keçirilir.
5.7. Müştəri
Şəxsi Kabinetdə “Etibarnamələr” bölməsi vasitəsilə Bağlamaların təhvil
alınmasını üçüncü şəxslərə etibar edə bilər. Bu halda Müştəri müvafiq olaraq
“Etibarnamələr” bölməsində tələb olunan məlumatların tam və düzgün
doldurulmasına görə məsuliyyət daşıyır.
5.8. Müştəri
Bağlamanı təhvil alarkən tam və zədəsiz olmasını yoxlamalı və yalnız buna əmin
olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Bağlamalar təhvil
verildikdən sonra Müştəri tərəfindən Bağlamalarda daşınma zamanı zədələnmə ilə
bağlı iddialar qəbul edilmir.
5.9. Müştəri
anlayır və qəbul edir ki, Şirkət Bağlamanın qablaşdırılmasına və belə
qablaşdıırlmaya görə daşınma zamanı Bağlamaların zədələnməsinə görə heç bir
halda məsuliyyət daşımır.
5.10. Müştəri
anlayır və qəbul edir ki, Şirkət beynəlxalq daşıma qaydalarına uyğun olaraq,
Xarici anbara daxil olan Bağlamanın qablaşdırmasını, yükü zədələməmək şərtilə,
yenidən qablaşdırmaq hüququna malikdir (məs., iri qabaritli qablamada olan
kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirmək).
5.11. Müştəri
hər hansı səbəbdən və Şirkətdən hər hansı bir formada ödəniş tələb etmədən və
Şirkəti yazılı/elektron formada məlumatlandıraraq Bağlamaların qəbul
edilməsindən imtina edə bilər. Bu halda Belə bağlamalar Şirkət tərəfindən öz
mülahizəsinə əsasən, müsadirə edilə və ya Müştərinin hesabına məhv edilə bilər.
5.12. Müştəri
Şəxsi Kabinetdə “Kuryer Sifarişi” bölməsi vasitəsilə Bağlamaların Müştərinin
müəyyən etdiyi ünvana çatdırılması üçün Kuryer haqqının ödənilməsi şərti ilə,
kuryer sifarişi verə bilər. Müştəri ünvanının əskik və ya səhv qeyd edilməsinə
səbəbindən Bağlamaların çatdırıla bilməməsinə görə Şirkət heç bir məsuliyyət
daşımır və bu halda tətbiq olunan Kuryer haqqı Müştəri tərəfindən
ödənilməlidir.
5.13. Bağlamalar
kuryer ünvana yaxınlaşan zaman yoxlanılmalıdır. Hər hansı Bağlama ilə bağlı
problem yaşanarsa Müştəri yerindəcə Şirkətə məlumat verməlidir. Əks halda Müştəri
tərəfindən göndərilən sorğular əsassız sayılır və heç bir tədbir həyata
keçirilmir.
5.14. Şəxsi
Kabinetdə “Caspa ilə Al” bölməsi vasitəsilə verilən sifarişlər istisna olmaqla,
Şirkət heç bir halda Bağlamalar üzrə malların sifariş verilən çeşidə, rəngə,
saya və s. digər spesifikasiyalara uyğun gəlməməsinə görə heç bir halda
məsuliyyət daşımır və belə malların dəyişdirilməsi, geri qaytarılması ilə bağlı
müvafiq satıcı ilə danışıqların aparılması, həmçinin digər əməliyyatların
həyata keçirilməsi birbaşa olaraq Müştərinin öhdəliyindədir.
5.15. Bağlamalar
Müştəriyə və ya onun bu Razılaşmada qeyd olunan qaydada etibar etdiyi digər
şəxslərə Yerli anbarda və ya Kuryer vasitəsilə təhvil verildikdən sonra
Xidmətlər Şirkət tərəfindən tam şəkildə icra edilmiş hesab olunur.
6. ÇATDIRILMA HAQQI, ŞƏRTLƏRİ VƏ ÖDƏNİŞ
6.1. Müştəri
Bağlamaların çatdırılmasına görə www.caspa.az vebsaytında
yerləşdirilən tariflərə uyğun olaraq hesablanmış Çatdırılma haqqını və Kuryer
haqqını (tətbiq olunduğu halda) ödəməyi öhdəsinə götürür.
6.2. Müştəri
anlayır və razılaşır ki, www.caspa.az vebsaytında
yerləşdirilən çatdırılma
və kuryer tarifləri Şirkət tərəfindən birtərəfli qaydada müəyyən olunur və bu
tariflər Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
6.3. Müştəri
anlayır və razılaşır ki, www.caspa.az vebsaytında
yerləşdirilən tariflərdə dəyişiklik edilməsinə görə Çatdırılma haqqı və Kuryer
haqqında (tətbiq olunduğu halda) artım müşahidə olunarsa, Müştərinin belə
artıma etiraz etmək hüququ yoxdur və müvafiq Çatdırılma haqqı/Kuryer haqqı Müştəri
tərəfindən tam şəkildə ödənilməlidir.
6.4. Çatdırılma haqqı və Kuryer haqqı Müştərinin Şəxsi Kabineti
vasitəsilə onlayn və ya nağd qaydada ödənilə bilər. Çatdırılma
haqqı və Kuryer haqqı ödənilən tarixədək Şirkət müvafiq Bağlamanı Müştəriyə təhvil
verməmək hüququna sahibdir.
6.5. Müştəri
tərəfindən Çatdırılma haqqı Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən
etdiyi cari məzənnəyə uyğun olaraq, Azərbaycan manatı (AZN) ilə ödənilir.
6.6. Müştərinin
sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı-ayrı bağlamalarda (fərqli
track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə,
bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı-ayrılıqda daşınmaya qəbul
olunur və emal edilir.
6.7. Müştəri hazırkı
Razılaşma üzrə şərtləri qəbul etməklə, caspa.az saytında dərc olunmuş və aşağıda təsvir olunan hesablama vasitələri
(online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin
konvertasiyası, həcmin ölçülməsi və s)
təsdiq edir:
• Qiymət və
çatdırılmanın hesablanması kalkulyatoru;
• Çəki və
həcm formulası;
• Ölçü
konvertoru;
• Ölçülər
cədvəli;
• Qabarit
çəki hesablamalar.
6.8. Müştəri
anlayır və qəbul edir ki, daşıma üçün Xarici anbara daxil olan Bağlamanın
Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən
qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi) qaydaları
Azərbaycan Respublikasında tətbiq olunan müvafiq qaydalardan fərqlənə bilər və
bu halda Xarici anbarın yerləşdiyi ölkə üzrə qaydaların tətbiq olunması üçün
Sifarişçi tərəfindən müvafiq tədbirlər görülə bilər.
6.9. Bağlamalar
Xarici anbara daxil olduqdan sonra daşıma üçün emal olunur (yenidən
qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş
günlər daşımaya göndərilir. Xarici anbarın digər ölkədə yerləşməsini, saat
fərqini, elektron əlaqə vasitələrində yarana biləcək gecikmələri və
dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə
Azərbaycan Respublikası ərazisindən Şirkət tərəfindən tam nəzarətin edilə
bilməməsini və digər halları nəzərə alaraq, Müştəri tərəfindən Bağlamanın
daşımasından imtina edilməsi tələbi (Şirkətin xidmətlərindən imtina etməsi)
icrası bəzən mümkün olmaya bilər. Məsələn: Müştəri Bağlamanın daşımasından
imtina tələbini verdiyi zaman onun Bağlaması artıq paletə yığılıb və daşıma
üçün hava limanına göndərilib. Bu halda Müştəri anlamalıdır ki, Bağlamanın
daşımasından imtinası etməsi səbəbindən, bütün göndərişi dayandıraraq paletləri
yenidən söküb Bağlamanı ayırmaq və geri qaytarmaq həm xərclər, həm də prosedur
baxımından qeyri-mümkündür. Bununla belə, Şirkət Müştərinin imtina tələbinə
əsasən, Bağlamanın daşınmasının dayandırılması məqsədilə bütün mümkün, zəruri
və ağlabatan tədbirləri görəcək.
6.10.
Sifarişçi
anlayır və qəbul edir ki, Bağlamanın daşımasından imtina tələbi Şirkət
tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, Müştərinin Şirkətə qarşı
hər hansı bir tələbi qəbul edilmir və əsassızdır.
7. BAĞLAMAYA BAXIŞIN KEÇİRİLMƏSİ HÜQUQU
7.1. Müştəri
anlayır və qəbul edir ki, Şirkətin və ya hər hansı bir səlahiyyətli dövlət
qurumunun (gömrük və s.) istənilən vaxt Bağlamanı açmaq və Bağlamaya baxış
keçirmək hüququ vardır.
8. BAĞLAMANIN QORUNMASINA GÖRƏ
MƏSULİYYƏT
8.1. Bağlamanın
qorunmasına görə Şirkətin məsuliyyəti belə Bağlama Xarici anbara daxil olduğu
andan başlayır və Müştəriyə təhvil verilən anadək davam edir. Bağlama təhvil
verildiyi andan etibarən Bağlamanın məhv olması, zədələnməsi üzrə bütün risklər
Müştəriyə ötürülür.
8.2. Şirkət Xarici
anbarına zədələnmiş və ya sifarişçinin internet üzərindən sifariş etdiyi məhsuldan
hər hansı bir formada fərqlənən və ya beynəlxalq yük daşınma qaydalarına əsasən
düzgün qablaşdırılmamış, lazımı qoruyucu vasitələrlə əhatə olunmamış (hava
yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun
daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmamş
bütün həssas məhsulların daşınması zamanı yükün zədələnməsinə görə Bağlamaya
görə heç bir məsuliyyət daşımır.
9. BAĞLAMANIN SIĞORTALANMASI,
ZƏDƏLƏNMƏSİ VƏ İDDİANIN VERİLMƏSİ
9.1. Daşıma
üçün qəbul edilən Bağlamalar sığortalanmır.
9.2. Müştərinin
daşıma üçün Şirkətə təqdim etdiyi Bağlama Şirkətin qəsdən yol verdiyi
hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, Şirkət zədə və yaxud
korlanma faktına əsasən, Bağlamanın tam invoys dəyərini və ya faktiki dəymiş
ziyanı ödəyə bilər.
9.3. Bağlama Xarici
anbara qəbul edilib, lakin, Şirkət tərəfindən nəzərdə tutulmuş reyslə gəlmədiyi
təqdirdə və Bağlamanın barəsində hər hansı bir məlumat olmadığı halda, həmin Bağlamanın
Şirkət tərəfindən araşdırılması üçün 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın
bu müddət ərzində tapılmadığı təqdirdə Müştəriyə Bağlamanın tam invoys dəyəri
həcmində kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, Müştəri Bağlamanın
ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut
edən, aşağıda qeyd olunan bütün məlumatları Şirkətə təqdim etsin:
· İnternet
mağazanın təqdim etdiyi order, invoys (burada Bağlamanın şəkli, miqdarı,
qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapmalıdır);
· Bank
hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş).
9.4. Müştəri
Bağlamanın Xarici anbara qəbul edildiyini iddia edərsə və Şirkət tərəfindən
Bağlamanın Xarici anbara qəbul edilmədiyini müəyyən edərsə, bu halda Müştəri
tərəfindən Bağlamanın Şirkətə təhvil verdiyini sübut edən sənəd təqdim
etməlidir. Qeyd olunan sənəddə Bağlamanın eyniləşdirilməsinə imkan verən
məlumatlar (kuryer şirkəti tərəfindən müəyyən olunan track ID də daxil olmaqla)
göstərilməli və qəbul edən şəxsin imzası olmalıdır. Yalnız bu tələblərə cavab
verən təsdiqedici sənəd təqdim edildikdən sonra Şirkət tərəfindən Bağlamanın
həqiqətən Xarici anbara təhvil verildiyi müəyyən edilərsə, bu halda Müştəriyə
Bağlamanın tam invoys dəyəri həcmində kompensasiya ödənilir. Kompensasiya o
şərtlə ödənilir ki, Müştəri Bağlamanın ona məxsus olduğunu və onun müvafiq
qiymətə internet üzərindən aldığını sübut edən, aşağıda qeyd olunan bütün
məlumatları Şirkətə təqdim etsin:
· İnternet
mağazanın təqdim etdiyi order, invoys (burada Bağlamanın şəkli, miqdarı,
qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapmalıdır);
· Bank
hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş);
· Bağlamanın
Şirkətin Xarici anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.
10. MÜŞTƏRİNİN ÖHDƏLİKLƏRİ VƏ
ZƏMANƏTLƏRİ
10.1. Müştəri
bu Razılaşmada qeyd olunan qaydada Bağlamaları www.caspa.az
vebsaytında və Smart Customs sistemində bəyan etməyi, müvafiq
dövlət rüsumları, vergiləri, Çatdırılma haqqını, Kuryer haqqını (tətbiq
olunduğu halda) ödəməyi və Bağlamaları təhvil almağı öhdəsinə götürür.
10.2. Müştəri
aşağıdakılar barədə zəmanət verir:
· Bağlamalar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ölkə ərazisinə idxalı və
dövriyyəsi qadağan olunmayıb və yaxud məhdudlaşdırılmayıb;
· Bağlamalar
və onların qablaşdırılması internet üzərindən alış zamanı müvafiq ölkənin
qanunvericiliyinin tələblərini pozmur və buna görə Müştəri şəxsən məsuliyyət
daşıyır;
10.3. Müştəri www.caspa.az
vebsaytında vaxtaşırı yerləşdirilən
yeniliklər və dəyişiklikləri izləməyi öhdəsinə götürür. Belə yenilik və
dəyişikliklərin Müştəri tərəfindən izlənilməməsi və ya öhdəliklərin icrasından
boyun qaçırılması məqsədilə istifadəsi əsassız sayılır.
10.4. Müştəri www.caspa.az
vebsaytında yerləşdirilən “Daşınması qadağan
olunan məhsullar” siyahısında qeyd olunan əşyaların siyahısı ilə tanış
olmalıdır və belə əşyalardan ibarət Bağlamaları www.caspa.az
vebsaytında bəyan etməməlidir. Müştəriyə məlumdur ki, “Daşınması qadağan olunan
məhsullar” siyahısında qeyd olunan əşyaların daşınmasını Şirkət tərəfindən
həyata keçirilmir.
10.5. Müştəri,
onun tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozması
nəticəsində Şirkətə qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və
məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir öz öhdəsinə götürür.
10.6. Müştəri, Bağlamaların
daşınması ilə əlaqədar olaraq Bağlamalar barədə səhv və ya əskik məlumat(lar)ı
göstərdiyi təqdirdə və bunun nəticəsində yaranan cərimələrə, sanksiyalara və s.
görə birbaşa, tam və hərtərəfli məsuliyyət daşıdığını anlayır və qəbul edir.
10.7. Müştəri
Xidmətlərin icrası məqsədilə Şirkət tərəfindən tələb olunan bütün məlumatları
tam, düzgün və vaxtında təmin edilməsi öhdəliyini götürür. Belə məlumatların
tam, düzgün və vaxtında təmin edilməməsi səbəbindən yaranan hallara görə Şirkət
heç bir halda məsuliyyət daşımır.
11. FORS-MAJOR HALLAR
11.1. Fors-major
hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, embarqolar, dövlət və hökumət
orqanlarının qərarları, hərəkətləri və hərəkətsizliyi, epidemiyalar,
pandemiyalar və s.) nəticəsində bu Razılaşma üzrə ödəliklərin yerinə
yetirilməsi mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün
məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar Razılaşma üzrə öhdəliklərin
yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.
11.2. Maddə 11.3-ə
əsasən qarşısıalınmaz hallara istinad edən Tərəfin qarşısıalınmaz qüvvənin
yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə
yetirilməsi təxirə salınır.
11.3. Qarşısıalınmaz
hallara istinad edən Tərəf qeyd olunan halların yarandığı vaxtdan 3 (üç) təqvim
günü müddətində digər Tərəfi məsələ ilə bağlı yazılı şəkildə xəbərdar edir və
onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən
sənədi təqdim edir.
12. DİGƏR ŞƏRTLƏR
12.1. Şirkət bu
Razılaşma üzrə hüquq və öhdəliklərini Müştərinin razılığına ehtiyac olmadan və
əvvəlcədən məlumat vermədən istənilən vaxt üçüncü şəxslərə ötürməkdə
sərbəstdir.
12.2. Müştəri
Şirkətə təqdim etdiyi Fərdi məlumatların Şirkət tərəfindən yığılması,
saxlanılması, istifadə edilməsi və kommersiya məqsədi ilə üçüncü şəxslərə ötürülməsinə
dair razılıq verir.
12.3. Bu
Müqavilənin şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi
nəticəsində Tərəf digər Tərəfə vurduğu
zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyır.
12.4. Heç bir
Tərəf heç bir halda, öz öhdəliklərini yerinə yetirilməməsinə görə yaranan hər
hansı mənfəət itkisi də daxil olmaqla, hər hansı əldən çıxmış faydaya görə
məsuliyyət daşımır.
12.5. Hazırkı Razılaşma
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənir və
şərh olunur.
12.6. Tərəflər
arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və
razılıq əsasında həll olunur. Bu Razılaşmadan irəli gələn mübahisələrin
həllində Tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədikdə həmin
mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada həll
edilir.
MƏXFİLİK SİYASƏTİ
Giriş
www.caspa.az vebsaytının və
CASPA mobil tətbiqinin xidmətlərindən istifadə edərək, Siz “CASPA MOBİLİTY” MMC-yə (bundan sonra “Şirkət”)
öz
fərdi məlumatlarınızı təqdim edirsiniz və bu Məxfilik Siyasətində qeyd olunan şərtlərlə
razılaşırsınız.
Şirkətimiz hər zaman
istifadəçilərin fərdi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi
yanaşır. Bu Məxfilik Siyasəti www.caspa.az vebsaytının və
CASPA mobil tətbiqinin istifadəçilərindən əldə olunan fərdi məlumatların
qanunvericiliklə
və hazırkı Məxfilik Siyasəti ilə müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülməməsini
dəstəkləyir.
Məlumatların toplanılması
Şirkət aşağıdakı hallarda
www.caspa.az vebsaytında və
CASPA mobil tətbiqində qeydiyyatdan keçən istifadəçilər tərəfindən
təqdim olunan müxtəlif məlumatları əldə edir:
- Vebsaytda
və mobil tətbiqdə qeydiyyat zamanı;
- Vebsaytda
və mobil tətbiq vasitəsilə aparılan əməliyyatlar (bağlamaların bəyan edilən, sifariş
vermə, sorğu göndərmək və s. də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq)
zamanı;
- Şirkətə
məxsus anbarlarda və ya kuryer vasitəsilə sifarişlərin təhvil verilməsi zamanı;
- Şirkətin
göstərdiyi xidmətlərdən irəli gələn digər hallarda.
İstifadəçilər tərəfindən
təqdim olunan məlumatlara ad, soyad, ata adı, şəxsiyyəti təsdiq edən sənəd üzrə
məlumatlar, telefon nömrəsi, email və s. də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq,
yuxarıda qeyd olunan hallar zamanı təqdim olunmuş istənilən məlumat aid edilir.
Məlumatların istifadə
olunması və ötürülməsi
Şirkət əldə olunan məlumatları
kommersiya məqsədləri və aşağıda qeyd olunan məqsədlər üçün istifadə edir:
- İstifadəçi tərəfindən verilən sualların
cavablandırılması üçün;
- Şirkətin fəaliyyəti haqqında yeniliklərin
istifadəçiyə göndərilməsi üçün.
Şirkət əldə olunan məlumatları yalnız kommersiya məqsədləri,
həmçinin Şirkətin xidmətlərini tam və keyfiyyətlə göstərməsi məqsədilə üçüncü şəxslərə
ötürə bilər.
Linklər
Şirkətə məxsus www.caspa.az vebsaytında və CASPA mobil tətbiqində
digər
veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Şirkət həmin
saytların məxfiliyinə görə məsuliyyət daşımır və istifadəçilərə digər səhifələrə
baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağını məsləhət görür. Bu Məxfilik
Siyasəti yalnız www.caspa.az vebsaytında və
CASPA mobil tətbiqində toplanılan məlumatlara şamil olunur.
www.caspa.az vebsaytında və
CASPA mobil tətbiqi vasitəsilə xidmətlərdən istifadəyə görə ödənişin edilməsi/balansın
artırılması tələb olunarsa, bu halda istifadəçi müvafiq ödənişin edilməsi/balansın
artırılması üçün avtomatik olaraq Şirkətin əməkdaşlıq
etdiyi təşkilata məxsus linkə yönləndirilir və heç bir halda
istifadəçinin bank hesablarına dair fərdi məlumatları əldə etmir, müvafiq təşkilatın
belə fərdi məlumatları toplamasına, istifadə etməsinə və ötürməsinə görə heç
bir halda məsuliyyət daşımır.
Yekun müddəalar
İstifadəçiyə aid fərdi məlumatlar www.caspa.az vebsaytından və
CASPA mobil tətbiqindən istifadə zamanı xidməti təqdim edən quruma ötürülür. Şirkətin www.caspa.az vebsaytından və
CASPA mobil tətbiqindən istifadə edərək Siz məlumatların toplanması və işlənməsinə razılıq
bildirmiş hesab edilirsiniz.